Bioqrafiya

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, bəstəkar Ədilə Hacı-ağa qızı Hüseyn-zadə 28.04.1916-cı ildə Bakı şəhərində anadan olmuşdur.
Böyük Ustad Üzeyir Hacıbəyovun son və sevimli tələbələrindən biri, bəstəkar Ədilə xanım Hüseyn-zadə bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadınıdır.
Əvvəl, Ədilə xanım konservatoriyanın vokal şöbəsində əfsanəvi
Bül-bülün sinfində təhsil alırdı. Az vaxt keçir və məhz Bül-bül öz tələbəsinin ilk romanslarının ifaçısı olur. Bəstəkar ilk əsərini “Yadigar” Ü.Hacıbəyova təqdim etdikdən sonra, Böyük Ustadın sinfinə qəbul olunur.
Üzeyir Hacıbəyovun təşəbbüsü və xeyir-duası ilə musiqi aləminə gəlmiş Ədilə xanım Hüseyn-zadə Azərbaycan xalq musiqisinin mahiyyətinə yiyələnmişdir. Onun ilk əsərləri konsertlərdə layiqli müvəffəqiyyət qazanmışdır.
1953-cü ildə Ədilə Hüseyn-zadə böyük uğurla professor Boris İsaakoviç Zeidmanın sinfi üzrə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.
Ədilə xanım uzun illər ərzində qələmini musiqinin ən müxtəlif janrlarında sınamışdır. Bunlara simfonik poema, simli kvartet, xor əsərləri, violonçel və fortepiano üçün sonatina aiddir. Lakin heç şübhəsiz onun nadir istedadı romans janrında özünü daha əyani büruzə vermişdir. Bəlkə ona görə ki, Ədilə xanım professional vokalçı idi və ədəbiyyatı gözəl bilirdi.
Bəstəkarın xor və simfonik orkestr üçün Səməd Vurğunun sözlərinə yazdığı “Gözəl Vətən” kantatası, T.Mütəllibovun “Sülhün səsi” kantatası Moskvada ifa edilmiş və Bəstəkarlar “Zaqafqaziya baharı” dekadasında yüksək qiymət almışdır. Nəhayət, ilk dəfə olaraq xor əsərlərində orkestrə xalq çalğı alətlərindən tar əlavə edilmişdir. Ədilə xanım Hüseyn-zadənin yazdığı 4 hissəli simli kvartet Azərbaycan Bəstəkarlarının Plenumunda yüksək qiymət almışdır.
Ə.Hüseyn-zadə bir çox əsər yaratmışdır: “Oğlumun babasına” balladası, xor miniatürləri kamera-instrumental əsərləri və s.
Lakin, bəstəkarın vokal musiqi janrlarının inkişafında xidmətləri əvəzsizdir. Ə.Hüseyn-zadə öz “Duyğular” əsərlərində (şeirlər Rəsul Rza və Nigar Rəfibəyli) milli musiqidə az işlənən vokal formasına üz tutaraq incə dramaturji duyum, hər bir sözün dəqiq musiqi ifadəsini tapmaq, qabarıq bədii obraz yaratmaq bacarığı nümayiş etdirir.
Ü.Hacıbəyovun “Arşın mal alan” operettası əsasında çəkilmiş bədii filmdə (1945) Ədilə Hüseyn-zadə Asya partiyasını səsləndirmişdir. Ə.Hüseyn-zadə yaradıcılıqdan uzaqlaşmadan uzun illər, Bül-Bül adına orta ixtisas musiqi məktəbində qabiliyyətli uşaqlara kompozisiyanın əsaslarını tədris etmişdir. Onlardan hal-hazırda Azərbaycan musiqiçiləri kimi tanınmış Sevda İbrahimovanı, Firəngiz Əlizadəni, Elnarə Dadaşovanı və b. göstərmək olar.
Ədilə xanım dövrünün 90-cı ilində vəfat etmişdir. Gözəl bəstəkar, həssas pedaqoq, maraqlı şəxsiyyət, nurlu ziyalı Ədilə Hacı-ağa qızı Hüseyn-zadənin işıqlı xatirəsi onu yaxından tanıyanların, musiqi sevərlərin qəlbində daim yaşayacaqdır. Azərbaycan bəstəkarları onu əsl Azərbaycan ziyalı xanımı adlandırmışdılar. Bu həqiqətən belə idi.