Bioqrafiya

Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi Ədilə Hacı Ağa qızı
Hüseynzadə (28.04.1916 – 2005) XX əsr Azərbaycan musiqi tarixində
özünəməxsus yer tutur.
Dahi Üzeyir Hacıbəylinin son və sevimli tələbələrindən biri olan Ədilə
xanım peşəkar bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadındır.
Gözəl tembrli metso-soprano səsinə malik Ə.Hüseynzadə əvvəlcə
(1942-ci ildən) Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsində,
əfsanəvi Bülbülün sinfində təhsil almağa başlayır. Lakin 1943-cü ildə o, ilk
yaratması – “Yadigar” mahnısını Üzeyir bəyin mühakiməsinə təqdim edib onun
müsbət rəyini qazandıqdan sonra Ustadın bəstəkarlıq şöbəsinə qəbul olunur.
Ü.Hacıbəylinin rəhbərliyi altında Ə.Hüseynzadə Azərbaycan muğamlarının
mahiyyətini, məqam sisteminin özəlliklərini müfəssəl mənimsəyir, əldə etdiyi
bilik və vərdişlər əsasında öz ilk əsərlərini yaradır. Ədilə xanımın vokal
miniatürləri, o cümlədən Nizaminin qəzəlinə yazılmış “Vəslin həvəsi” romansı
Bülbülün təfsirində tanınır, Azərbaycandan kənarda, məsələn, 1944-cü ildə
Tbilisidə keçirilən Zaqafqaziya respublikalarının musiqisi dekadasında uğurla
səsləndirilir.
Sevimli Ustadın vəfatından sonra o, təhsilini professor B.İ.Zeydmanın
sinfində davam etdirərək, sənətinin cilalanması üzərində gecə-gündüz çalışaraq
gözəçarpan nailiyyətlər qazanır. 1953-cü ildə Ə.Hüseynzadə konservatoriyanı
bitirərək kompozisiya fakültəsinin diplomunu almış Azərbaycanın ilk qadın
bəstəkarı olur.
Sənətdə davamlı və şərəfli yol keçən Ə.Hüseynzadə qələmini musiqinin
ən müxtəlif janrlarında sınamışdır. Onun yaradıcılıq irsində simfonik poema,
simli kvartet, sonata kimi instrumental musiqinin ali janrları, iri xor əsərləri
təmsil olunub. Bəstəkarın xor və orkestr üçün “Gözəl Vətən” (1950, şeirlər
S.Vurğunundur), solistlər, xor və orkestr üçün “Sülhün səsi” ( 1953, şeir
mətninin müəllifi T.Mütəllibovdur) kantataları zamanında böyük rəğbətlə

qarşılanmışdır. Sonuncu əsər Moskvada ifa olunmuş və SSRİ Bəstəkarlar
İttifaqının müzakirələrində yüksək dəyərləndirilmişdir. Azərbaycanlı qadın
tərəfindən bəstələnən ilk simfonik opus – əmək qəhrəmanı Bəsti Bağırovaya
həsr edilmiş simfonik poema (1951) “Zaqafqaziya baharı” festivalında ifa
olunan maraqlı əsərlərdən biri olmuşdur. Xor və solistlər üçün “Ərəb
dostlarıma” (1972, şeirlər S.Rüstəmindir) əsərində bəstəkar ilk dəfə səslər
palitrasını xalq çalğı aləti tarın tembri hesabına zənginləşdirmişdir. İkinci
Dünya Müharibəsində qələbənin 30 illiyinə həsr olunmuş bariton, qadın xoru və
orkestr üçün “Oğlumun babasına” balladası (1975, şeirlər G.Fəzlinindir)
vətənpərvərlik mövzusunun orijinal lirik yozumu ilə fərqlənir.
Dördhissəli simli kvartet (1952) müəllifin şəksiz uğurlarındandır: Bakıda,
Moskvada, Zaqafqaziya musiqisi dekadasında ifa olunan bu əsər öz biçimli
strukturu, hər bir hissənin janr ampluasına uyğun ifadə vasitələrinin dəqiq
seçimi, alətlərin “söhbətinin” mahiranə təşkili ilə mütəxəssislərin nəzər-diqqətini
cəlb etmişdir. İlk dəfə 1950-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının
Plenumunda təqdim olunan violonçel və fortepiano üçün “bahar ətirli” (1948)
sonatina indinin özündə kamera konsertlərində həvəslə ifa olunur.
Amma Ə.Hüseynzadə ilk əvvəl vokal musiqinin ustadı adlandırılmalıdır.
Vokal sənətinin sirlərinə bələd olan, poeziya, söz xiridarı olan Ədilə xanım
Azərbaycanda mahnı, romans kimi janrların təşəkkülündə və inkişafında xüsusi
rol oynamışdır. Milli romans janrının yaradıcıları Ü.Hacıbəyli və A.Zeynallının
ənənələrinə möhkəm dayaqlanaraq, Ə.Hüseynzadə vokal lirikanı yeni
mövzular, obrazlar və təravətli ifadə vasitələri ilə zənginləşdirməyə müvəffəq
olmuşdur. Bəstəkarın müraciət etdiyi şairlərin çevrəsi son dərəcə əhatəli və
əlamətdardır: burada Azərbaycan ədəbiyyatının klassikləri – Nizami, Nəsimi,
Füzuli, habelə çağdaş poeziyanın S.Vurğun, R.Rza, S.Rüstəm, B.Vahabzadə
kimi qüdrətli söz ustalarının adlarına rast gəlinir. İntim, peyzaj səciyyəli lirika
ilə məhdudlaşmayaraq, bəstəkar fəlsəfi, dramatik səslənməyə malik mövzulara
da üz tutur. Azərbaycan kamera- vokal lirikasının əsl nailiyyəti olan “Duyğular”

silsiləsində (şeirlər R.Rza və N.Rəfibəylinindir) dramaturgiyanı mahiranə qurub,
məzmunca müxtəlif romansları vahid inkişaf xəttinə tabe edib, fortepiano
partiyasını ansamblın bərabərdəyərli iştirakçısı kimi yozub Ə.Hüseynzadə
Azərbaycan musiqisində nisbətən az təmsil olunmuş silsilə vokal formanın
gözəl, yüksək bədii məziyyətləri ilə fərqlənən nümunəsini yarada bilmişdir.
Bəstəkarın romanslarının təfsirçiləri arasında Bülbül, Lütfiyar İmanaov,
Firəngiz Əhmədova, Fidan Qasımova, Xuraman Qasımova, Gülağa
Məmmədov, Şövkət Ələkbərova, Sona Aslanova, Rəhilə Cabbarova, Əli
Haqverdiyev, gənc nəslin nümayəndələri olan istedadlı vokalçılar vardır.
Ə.Hüseynzadə pedaqoq kimi də tanınmış, nüfuz qazanmışdır. 1953-1986-
cı illərdə o, Bülbül adına Orta İxtisas Musiqi məktəbində kompozisiya üzrə dərs
demişdir. Onun tələbələri arasında Müslüm Maqomayev, Sevda İbrahimova,
Firəngiz Əlizadə, Elnarə Dadaşova, Rəşid Nəsiboğlu, Azad Zahid, habelə
musiqişünaslar Zümrüd Dadaşzadə, Lalə Hüseynovanın adları qeyd
olunmalıdır.
Ə.Hüseynzadənin adı vokal sənəti tariximizə da yazılıb: ümumdünya
şöhrətli “Arşın mal alan” filmində (1945) Asiyanın vokal partiyasını məhz o
səsləndirmişdir.
Ədilə xanım ömrünün 90-cı ilində dünyasını dəyişmişdir. Gözəl
bəstəkar, həssas pedaqoq, nurlu ziyalı, maraqlı şəxsiyyət, “əsl Azərbaycan
xanımı” adını ləyaqətlə daşıyan bu sənətkarın işıqlı xatirəsi onun doğmaları,
həmkarları və tələbələrinin qəlbində daim yaşayacaqdır.
Təqdim olunan alboma Ədilə Hüseynzadənin zəngin yaradıcılıq irsinin
ən önəmli örnəkləri – instrumental və vokal əsərləri daxil edilib. Ümidvarıq ki,
Azərbaycan musiqi tarixində əhəmiyyətli yer tutan bu əsərlər həm
mütəxəssislərin, həm musiqiçi-tələbələrin, həm də sənətsevərlərin diqqətini
cəlb edəcək, bəstəkarın özgün yaradıcılığının daha geniş tanınmasına səbəb
olacaqdır.